Financial Times: "Türkiyə artıq etibarlı ölkə deyil"

İngiltərənin məşhur "Financial Times" qəzeti Türkiyənin artıq etibarlı ölkə kimi tanınmadığı yazıb.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Financial Times"-ın beynəlxalq əlaqələr üzrə redaktoru David Qardnerin Türkiyə haqqında yazdığı məqalənin başlığı "Ankara artıq etibarlı görünmür" - dür.
David Qardnerin məqaləsi bu cümlələrlə başlayır: "Türkiyə dörd il əvvəl Yaxın Şərqdə sabit ölkə kimi tanınırdı. Kökləri siyasi İslama əsaslanan praqmatik hökumət, NATO-nun sadiq üzvü, Avropa Birliyi üzvlüyünə də namizəd idi.
O dövrdə baş nazir olan Rəcəb Tayyib Ərdoğan Qərbdə bölgənin xarici qüvvələrin parçalama istəyinin qarşısını cəsarətlə alan və həmçinin bölgədə ən etibarlı ad idi. İndi isə bütün bunlar uzun illər bundan əvvəl baş vermiş hadisələr kimi görsənir".
Qardner yazısında bildirir ki, hazırkı baş nazir (əvvəlki xarici işlər naziri) Əhməd Davudoğlunun zamanında Türkiyənin qonşu dövlətlərlə problemləri sıfır səviyyəsində idi. İndi isə Türkiyənin az qala problem yaşamadığı qonşusu yoxdur. Buna misal olaraq İsrail, Misir, Suriya, İraq, Səudiyyə Ərəbistanı və İran kimi dövlətləri göstərə bilərik.
"Ərdoğan Türkiyəni Avropa İttifaqı üzvlüyündən uzaqlaşdırır"
David Qardner Türkiyənin Aİ-yə üzv olması məsələsinin uzun müddətdir yavaşlamasında İttifaqın da məsuliyyətinin olduğunu ifadə etsə də, həm də əlavə edir: "Bir cümlə ilə ifadə etmək olar ki, Ərdoğanın apardığı siyasət Türkiyəni Aİ üzvlüyündən uzaqlaşdırır".
David Qardnerin yazısında həmçinin bu cümlələr yer alıb: "Türkiyəni əvvəllər tərifləyənlər indi xəyal qırıqlığı yaşayırlar".
























