Baş nazir mühacirətə gedənləri "ağıldan kəm" adlandırdı

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Banqladeşin baş naziri, xanım Şeyx Xasina ölkədən qaçan, təhlükəli dəniz yolları ilə həyatlarını risqə atan və qonşu dövətlərə sığınan vətəndaşlarını təhqir edib. Baş nazir ölkənin xəbər kanallarından birinə açıqlama verib. O, iş axtarmaq üçün ölkəni tərk edənləri "ağıldan kəm" adlandırıb və "onlar Banqladeşdə daha yaxşı ömür sürə bilərdilər" deyib.
Qeyd edək ki, rohincalar (Myanmanın Arakan ştatında yaşayan müsəlman xalq. 2012-ci ilin məlumatlarına görə Myanmada 800 000 rohinca yaşayır. BMT-nin məlumatına görə, dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biridir) və banqladeşli insanların balaca gəmilərlə, qayıqlarla gizli şəkildə qaçaraq qonşu ölkələrə sığınmaq istəməsi böyük qalmaqala səbəb olub. Bununla bağlı mayın 29-da Tailandın da daxil olduğu 17 cənubi-şərqi Asiya dövləti birgə iclas keçirəcəklər.
Ötən həftə İndoneziya və Maleziya 7 min mühacirin ölkəyə daxil olmasına icazə vermişdi. Maleziya əvvəl bunu inkar etsə də, rohincaların və banqladeşli müsəlmanların Tailand sərhədi yaxınlığında kütləvi məzarlığı aşkarlanmış və bununla bağlı tədqiqata başlanılmışdı.
www.ann.az
























